“Bu ilin ortasında dövlət büdcəsinə yenidən baxılması qaçılmaz olacaq. Hesab edirəm ki, büdcədə həm neftin qiymətinə yenidən baxılacaq, həm də prioritet təşkil etməyən xərclər ixtisar olunacaq”. Bunu hafta. az-a açıqlamasında iqtisadçı-ekspert Pərviz Heydərov 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfransda Prezident İlham Əliyevin toxunduğu məsələlərlə bağlı danışarkən deyib.
Ekspert qeyd edib ki, Azərbaycanın dövlət büdcəsi əsasən, sosialyönümlüdür: “Builki dövlət büdcəsinin 47 faizi Azərbaycan Respublikası Dövlət Neft Fondundan daxil olan vəsaitlər hesabına formalaşır. Dövlət büdcəsinə transfert ilə bağlı xərclər ARDNF-nin öhdəliyidir və xam neftin qiymətlərindən asılı olmayaraq bu öhdəlik yerinə yetirilməlidir. Həmin vəsaitlər də sosial xərclərə- pensiyaların, əmək haqlarının, müavinətlərin ödənilməsinə yönəldilir. Yəni, neftin dünya bazarında neçəyə satılmasından asılı olmayaraq sosial ödənişlərin həyata keçirilməsində hansısa problem yaşanmayacaq. Çünki Azərbaycanın sağlam iqtisadi “təhlükəsizlik yastığı” mövcuddur. Lakin fors-major hallarda dövlət investisiya xərclərinə yenidən baxır. Yəqin ki, bu il də belə olacaq və hökümət yaxın gələcək üçün zərüri olmayan investisiya xərclərini azaldacaq”.
P.Heydərov habelə vurğulayıb ki, şəffaflığın tam təmin olunması istiqamətində əlavə addımların atılması hesabına iqtisadi-maliyyə vəziyyəti sabit saxlamaq mümkündür: “Dövlət başçısı da müşavirədə vurğuladı ki, keçən il büdcəyə proqnozdan əlavə bir milyard manatdan çox, bu ilin üç ayında isə 300 milyon manatdan artıq vəsait daxil edilib. Təbii ki, addımlar elə atılmalıdır ki, iqtisadi, makroiqtisadi sabitlik təmin edilsin. Bunun üçün əlavə maliyyə mənbələri müəyyənləşdirilməlidir. Burada söhbət kölgə iqtisadiyyatından gedir. Yəni, ötən il həyata keçirilən tədbirlər nəticəsində büdcəyə əlavə olaraq 1 milyarddan çox vəsait daxil olub. Bu ilin 3 ayında isə əlavə 300 milyon manat vəsait daxil edilib. Bütün bunlar onu göstərir ki, Azərbaycanda hələ də “kölgə” iqtisadiyyatı mövcuddur. Məsələn, bir məqama diqqət çəkmək istəyirəm ki, koronavirusla bağlı sahibkarlara dövlət dəstəyinin göstəriləcəyi barədə məlumatlar veriləndən sonra əmək müqaviləsi bağlayanların sayı 40 minə qədər artıb. Deməli, indiyədək həmin iş yerləri mövcud olub, sadəcə bəzi sahibkarlar fəaliyyətlərini qeyri-leqal qurublar. Düzdür, inzibati tədbirlərlərlə “kölgə” iqtisadiyyatını tam aradan qaldırmaq mümkün deyil. Bunun üçün sahibkarlıq subyeklərinin stimullaşdırılması vacibdir. Elə bir stimullaşdırıcı mexanizm hazırlanmalıdır ki, sahibkarlar “kölgə” iqtisadiyyatında fəaliyyət göstərməkdən çəkinsinlər”.